Xəstənin razılığını almaq
Laborator analiz vermək üçün müraciət edən xəstəyə ilk növbədə bu prosedur ətraflı izah edilməli, nümunələrin alınmasına dair məlumatlar və tövsiyələr haqqında xəstələr nümunə almazdan əvvəl məlumatlandırılmalıdır. Gündəlik laborator prosedurların əksəriyyətində xəstə istək formasını laboratoriyaya təqdim edir və öz istəyi ilə ümumi qan alma manipulyasiyalarını (məs. qan almaq üçün damara daxil olma əməliyyatı) qəbul edirsə, bu, xəstənin razılığı mənasına gəlir.
Ümumi məlumatlar
Nümunə almaq üçün standart şərtlər tətbiq olunsa da bəzi parametrlər (məsələn qlükoza, kalsium, dəmir, insulin) gün ərzində müxtəliflik göstərir. Məsələn, boy hormonu yuxuladıqdan bir az sonra yüksəlir. Halbuki, bazal plazma insulini, səhər və axşam saatlarında daha yüksək səviyyədə olur. ACTH və kortizol gecə saatlarında minimal səviyyədə olur; sidiyin həcmi və kreatinin ifrazı gecə azalır.
Orqanizm gün ərzində ətraf mühitə adaptasiya olmaq məcburiyyətindədir (işləmə, qidalanma və s.), bu baxımdan ciddi biokimyəvi dəyişikliklər müşahidə oluna bilər. Bu müxtəlifliklə əlaqədar olaraq qan nümunələrinin səhər saat 7.00-9.00 radələrində (10-12 saatlıq aclıqdan sonra) alınması tövsiyə edilir. Müvafiq olaraq testlər üçün referens aralıqları da bu şərtlər daxilində hazırlanmışdır. Bu saatlardan kənar alınan qan nümunələrindən əldə edilən test nəticələri şərh olunarkən gün ərzində dəyişikliklərin ola biləcəyi nəzərə alınmalıdır.
Uzanma/oturma və ayaq üstə dayanma vəziyyətindən asılı olaraq damarlardan hüceyrələr arasına əhəmiyyətli dərəcədə orqanizm mayesinin keçməsi baş verir. Ayaq üstə dayanan şəxsin qan həcmi uzanmış şəxsə nisbətən 600-700 mL az olur. Bu vəziyyət qan həcmində təxminən 10% azalmaya səbəb olur. Nəticədə fermentlər və zülal təbiətli hormonlar da daxil olmaqla bütün proteinlər, proteinlərlə qismən əlaqəli kalsium, bilirubin və proteinlə əlaqəli dərmanların konsentrasiyasında müxtəlifliklər müşahidə olunur. Məhz bu baxımdan, qan nümunələri uzanma, yaxud oturma vəziyyətində alınır. Qan alma vəziyyətinin təsiri ilə əlaqədar olaraq, ayaq üstə dayanan şəxsdən alınan qan nümunəsində plazma proteinlərinin miqdarı 30 dəqiqə oturaraq gözləmiş xəstə ilə müqayisədə yüksək ola bilər.
Bu baxımdan, nümunə alınana qədər xəstələr oturaraq gözləməli, qan alma prosesi isə mütləq oturaq vəziyyətdə icra olunmalıdır.
İdman hərəkətlərinin orqanizm mayelərinin tərkibinə təsiri bu hərəkətlərin müddəti və intensivliyi ilə əlaqəlidir. İdman zamanı əhəmiyyətli miqdarda orqanizm mayesi damarlardan hüceyrələr arası sahəyə keçir. Qısa müddətli idman hərəkətlərinin təsirinə məruz qalan testlər bunlardır: kreatinin kinaza, qlükoza, kreatinin, hemoqlobin, hematokrit, albumin, protein, natrium, kalium, kalsium, AST, LH, sidik çövhəri, leykositlərin miqdarı. Bunlardan başqa, plazma renin aktivliyinin, aldosteron və boy hormonu səviyyələrinin idmandan sonra patoloji səviyyələrədək yüksəldiyi nəzərə alınmalıdır. Bu testlər üçün istirahət periodundan 2 saat sonra analiz aparılmalıdır. Alınan nümunə istək olunan test üçün uyğun olmalıdır. Biokimyəvi analizlərin bir çoxu serum və ya plazma ilə icra olunur; bəzən də tam qan, sidik, beyin-onurğabeyni mayesi (BOM), plevral maye və s. nümunələr istifadə olunur. Əksər hallarda serum və ya plazma nümunələri bir çox analiz üçün qəbul edilə bilər, ancaq bəzi testlər üçün yalnız bir növ nümunə tələb olunur; məsələn, protein elektroforezi üçün serum, renin aktivliyini ölçmək üçün isə plazma nümunəsi lazımdır. Qan alma prosesində hemolizin baş verməməsinə diqqət edilməli, əgər xəstə intravenoz müalicə alırsa, kontaminasiyadan qaçmaq üçün qan digər qoldan alınmalıdır.
Hemoliz prosesi eritrositlərdən baş verən sızma ilə əlaqədar olaraq plazmanın fosfat və kalium səviyyələrinin, həmçinin AST aktivliyinin yüksəlməsinə səbəb olur. Plazmanı eritrositlərdən ayırmaq üçün istifadə olunan sentrafuqadan keçirmə prosesinin gecikməsi ilə əlaqədar hemoliz baş verdikdə isə, qlukoza miqdarı da azala bilər. Eyni zamanda nəzərə alınmalıdır ki, hüceyrələrdən in vitro sızma xüsusilə trombosit və leykositləri artmış xəstələrdə kalium və fosfat konsentrasiyasının yüksəlməsinə səbəb ola bilər.
Xətalı nəticələrə səbəb olan digər mühüm amil qanın yanlış sınaq şüşələrinə alınmasıdır. Oksalat və EDTA kalsiumla birləşdiyindən bəzi hemotoloji testlər üçün antikoaqulyant kimi istifadə edilir və plazmada kalsium miqdarının azalmasına səbəb olur.
Sidik, BOM, oynaq mayesi, digər steril orqanizm mayeləri və bəlğəm, tənəffüs sistemi sekresiyaları kimi başqa nümunələrin toplanması və transportu üçün də eyni diqqət tələb olunur. Bütün nümunələr potensial infeksiya mənbəyi kimi qəbul edilməli və lazım gələn profilaktik tədbirlər görülməlidir.